“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində şagirdlər arasında sorğu keçirilib
29 Aprel 2022 12:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə təşkil edilən maarifləndirmə tədbirlərini davam etdirir. Bu məqsədlə həyata keçirilən “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi” çərçivəsində ümumtəhsil müəssisələrində təhsilalanlar arasında sorğu təşkil olunub. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 5 və 9-cu sinif şagirdləri arasında reallaşan sorğuda ümumilikdə 16 məktəbdən 1600 şagird iştirak edib. Anket formasında tərtib olunmuş sorğularda qida təhlükəsizliyi haqqında ümumi anlayışlar, sağlam qidalanma vərdişləri və qaydaları, gigiyenik tələblərə riayət olunması, düzgün maye qəbulu, fastfud yeməkləri və zərərli alışqanlıqlara münasibət, və s. istiqamətlər yer alıb.
Qeyd edək ki, pilot layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə keçirilir. Layihənin icra müddətində məktəblərdən cəlb olunmuş 30 “Məktəblinin dostu”na AQTİ mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsinin müxtəlif seqmentlərini əhatə edən aktual mövzular üzrə seminarlar keçirilib. 12 mövzudan ibarət təlimlərdə əsasən qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı üzrə metodiki göstərişlər, sağlam qidalanma ilə bağlı bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri əks olunub. Mövzular UNICEF və Təhsil Nazirliyinin müvafiq rəyləri nəzərə alınmaqla, AQTİ-nin peşəkar mütəxəssisləri tərəfindən hazırlanıb. Təlimlərin yekununda sınaq imtahanlarında iştirak edən 30 nəfərdən 16-sı prosesi uğurla başa çatıdırb. Layihənin növbəti mərhələsi kimi sorğuların təşkili üçün məhz müvəffəqiyyət qazanmış 16 qida bələdçisinin olduğu məktəblər seçilib.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.