"Məktəblilərin qida bələdçiləri" pilot layihəsi iştirakçılarının imtahanı keçirilib
20 Aprel 2022 11:54










Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində təlimləri başa vuran iştirakçıların imtahanı keçirilib.
Açıq test formatında keçirilən imtahan 120 sualdan ibarət olub və 90 dəqiqə davam edib. Suallar təlim mövzuları əhatə olunmaqla qida təhlükəsizliyi, sağlam qidalanmaya tələblər, eləcə də ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalarda işin təşkili mövzularını əhatə edib.
İmtahan zamanı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi, həmçinin iştirakçıların tibbi maskadan düzgün istifadəsi təmin olunub.
Qeyd edək ki, imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək. Eyni zamanda təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq.
Oxşar xəbərlər

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir
6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
