“Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsinə start verilib
9 Dekabr 2020 10:20
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Azərbaycan, Qırğızıstan, Moldova, Tacikistan və Türkiyə Respublikalarında qida təhlükəsizliyinə nəzarət sistemlərinin gücləndirilməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” adlı yeni layihəyə start verilib. Layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və müvafiq ölkələrin qida təhlükəsizliyi sisteminə nəzərət edən qurumların iştirakı ilə ölkələrin ehtiyacları və regional perspektivlər nəzərə alınmaqla bir sıra ümumi problemlərin həllinə köməklik göstərəcək.
Layihə çərçivəsində qida məhsullarının təhlükəsizliyi sahəsində prioritet risklərin aradan qaldırılması, dövlət və özəl sektorlar üçün əlverişli şəraitin yaradılması, həmçinin regional səviyyəli fəaliyyətlərin davam etdiriləcəyi potensial inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
“Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihəsi çərçivəsində qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə qida təhlükəsizliyinə nəzarət sisteminin qiymətləndirilməsi, risk kommunikasiyası və təhlili, risk əsaslı yoxlama və digər qida təhlükəsizliyinə dair mövzularda seminar, treninq və regional konfranslar həyata keçiriləcək. Həmçinin Türkiyə təcrübəsi əsasında layihə ölkələri arasında bilik və təcrübə mübadiləsinə yardım göstəriləcək.
Layihədə qida məhsullarının keyfiyyəti, təhlükəsizliyi və gigiyenası mövzusunda istehlakçıların məlumatlandırılması, sanitariya və fitosanitariya standartlarının tətbiq edilməsi potensialının artırılması, qida təhlükəsizliyinə nəzarəti həyata keçirən qurumların laboratoriya müayinə avadanlıqları və insan resursları potensialının inkişaf etdirilməsi hədəflənir.
Oxşar xəbərlər

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.