Mingəçevirdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb
24 Noyabr 2022 17:46
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Daxil olan müraciət əsasında, Agentliyin əməkdaşları tərəfindən yerli icra orqanlarının nümayəndələri ilə birlikdə Mingəçevir şəhəri, Günəşli bağlar massivi, küçə 10, ev 54 ünvanında yerləşən, fiziki şəxs İlham Çingiz oğlu Zamanova məxsus həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədə sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan iri və xırdabuynuzlu heyvanların kəsilməsi məqsədilə kustar üsulla dəmir konstruksiyadan hazırlanmış qurğu, eləcə də baytarlıq nəzarətindən keçirilmədən kəsilmiş heyvan cəmdəyi aşkar edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz olaraq quraşdırılmış dəmir konstruksiya sökülüb, kəsimlə məşğul olan şəxs barəsində inzibati protokol tərtib edilib və fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir məntəqələrdə həyata keçirmək üçün zəruri məlumatlar verilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.