Müxtəlif mənşəli məhsul nümunələrində 1244 parametr nəticələrinə əsasən ağır metalın qalıq miqdarının norma daxilində olduğu məlum olub
12 Yanvar 2022 16:12
2020-2021-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərən laboratoriyalara daxil olan müxtəlif mənşəli nümunələrdə (qida, qeyri-qida və BFMQƏ) aparılan ağır metal qalıqlarının (qurğuşun, kadmium, civə, arsen, silisium, stronsium-90, sezium-137) analiz nəticələri qiymətləndirilib.
Nümunələr 3 kateqoriya üzrə ümumiləşdirilib və bioloji fəallığa malik qida əlavələrində ağır metalların təyini üçün 859, qida məhsulları (bəzi taxıl növləri, süd məhsulları, toyuq əti, müxtəlif növ yağlar, ədviyyatlar və s.) üzrə 374, qeyri-qida məhsulları (şüşə butulka, mantar tıxac, karton qutu kimi qida ilə təmasda olan materiallar) üzrə isə 11 nümunədə analiz həyata keçirilib.
Nümunələrdə qurğuşun, kadmium, civə, arsen, stronsium-90, sezium-137 kimi ağır metalların miqdarları təyin edilib. 1244 parametr nəticələrinə əsasən, araşdırılan bütün nümunələrdə ağır metal qalığının miqdarı normalar daxilində olub, bəzi nümunələrdə isə ümumiyyətlə, metal qalığı aşkar edilməyib.
Ağır metal qalıqlarının analizinə daimi nəzarətin təmin edilməsi istehlakçı sağlamlığı üçün olduqca zəruridir. Ümumiyyətlə, hər növ çirkləndirici üçün müvafiq risk qiymətləndirilməsinin təşkili, analizlərin davamlılığı və nəticələrin düzgün şərhi vacibdir.
Qeyd edək ki, qurğuşun, kadmium, civə, arsen kimi zəhərli metallar insan orqanizminə əsasən qida, su, qida əlavələri və digər müxtəlif ətraf mühit faktorları vasitəsilə daxil ola bilər. Onlar orqanizmdə toplana, immun sistemini zəiflədə, xəstəliyə və hətta ölümə səbəb ola bilər. Belə ki, bir sıra hallarda ürək-damar, böyrək, nevroloji və sümük xəstəlikləri ağır metal səviyyəsinin yüksək olduğu qidaların davamlı qəbulu ilə əlaqələndirilir. Bu da qida məhsullarında ağır metallarla çirklənmə səviyyəsinin daim diqqət mərkəzində saxlanılması zərurətini yaradır.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi və Yuta ştatlarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.