“Peşəkarlarla görüş” saatında pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili müzakirə olunub
14 Oktyabr 2020 13:48
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “SOVQAT” layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatında “Pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib.
Seminar iştirakçılarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının ərazisində mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o cümlədən Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu göstəricilər əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsi əsaslanaraq tərtib olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydaları barədə ətraflı məlumat verilib.
İnsanların sıx toplaşdığı ictimai yerlərdə olduğu kimi, mehmanxanalarda və digər turizm müəssisələrində də koronavirus infeksiyasına yoluxma ehtimalı yüksəkdir. İstər işçi heyətin, istərsə də qonaqların sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi, COVID-19 pandemiyasının ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya-gigiyena, əksepidemik rejim və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Bütün mehmanxanalarda, “Sanitar-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir.
Sahibkarlara məlumat verilib ki, infeksiyaya yoluxma riskini azaltmaq üçün ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi təmin edilməli, mehmanxanaların ictimai iaşə obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə əks olunmalıdır. Hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirkin növü, səthin tipi və digər amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.
Görüş iştirakçılarına, qaydalara uyğun olaraq yemək zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, formasından (kvadrat, dairəvi və s.) asılı olmayaraq masalar arasındakı məsafənin isə 2 metrdən az olmaması tövsiyə edilib.
Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə icrasına başlanılmış “SOVQAT” layihəsi barədə də ətraflı məlumat verilib.
“SOVQAT” – Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizlik Anlayışının Tətbiqi layihəsinin əsas məqsədinin qida məhsullarının tarladan–süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarət olduğu qeyd edilib.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.