Qida Təhlükəsizliyi Agentliyində heyvan kəsimi ilə məşğul olan sahibkarlarla görüş keçirilib
14 İyun 2018 00:00
İyunun 14-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi ilə məşğul olan sahibkarlarla görüş keçirilib. “Qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamı ilə Agentlik qarşısında qoyulan vəzifələrin icrası məqsədiylə keçirilən görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. Q.Təhməzli bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq. “Ona görə də yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər bir sahibkar öz fəaliyyətini müasir, günün tələblərinə cavab verən formada qurmalıdır”, deyə Agentlik rəhbəri bildirib.
Q.Təhməzli bir daha sahibkarların diqqətinə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcəkdir.
Görüşdə eyni zamanda, sahibkarlıq subyektlərində həyata keçirilən maarifləndirici monitorinqlər haqqında da məlumat verilib və xatırladılıb ki, iyulun 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılmasına başlanılacaq.
Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Ölkədə quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 12-16 yanvar tarixlərində respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqin nəticələri açıqlanıb. Tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub. Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Biləsuvar heyvan bazarının fəaliyyətinə icazə verildi
Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının fəaliyyətinə icazə verilib. Belə ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, cari ilin 2-6 fevral tarixlərində növbəti epizootoloji monitorinq baş tutacaq. Monitoriq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərində vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbirlər müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaqdır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş