Qida Təhlükəsizliyi Agentliyində mətbuat konfransı keçirilib
29 İyun 2018 16:56
İyunun 29-da Qida Təhlükəsizliyi Agentliyində iyulun 2-dən etibarən qida zəncirinin bütün mərhələlərində iştirakı nəzərdə tutulan sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə bağlı mətbuat konfransı keçirilib. Agentliyin sədri Qoşqar Təhməzli qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstəyin göstəriləcəyini, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirələcəyini bildirib. Qeyd edib ki, yeni prosedurlarla bağlı davamlı olaraq tövsiyələr veriləcək, sahibkarlarla maarifləndirmə və təbliğat işləri daim diqqətdə saxlanılacaq.
Q.Təhməzli bildirib ki, yay fəsli ilə əlaqədar olaraq gələn aydan etibarən Qida Təhlükəsizliyi və Dövlət Turizm agentlikləri birgə turizm və ictimai iaşə obyektlərində monitorinqlər aparacaq. Məqsəd həm ölkə vətəndaşlarının, həm də xarici turistlərin sağlam qida məhsulları ilə təmin etməkdir.
Qeyd olunub ki, vətəndaşlar Qida Təhlükəsizliyi ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verilmiş Mobil dəstək proqramı vasitəsilə qida sahəsinə dair pozuntularla bağlı bütün məlumatları ünvanlaya biləcəklər. Həmin proqramın köməyilə vətəndaşlar istirahət zonalarında, yaşadıqları ərazilərdə, eləcə də ölkə daxilində istənilən ərazidən operativ şəkildə məlumat verə biləcəklər: Uşaqların qida təhlükəsizliyinə diqqəti çəkən Agentlik sədri məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərdə qidalanma rasionlarına nəzarətin həyata keçiriləcəyini bildirib.
Q.Təhməzli bildirib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması ilkin olaraq üç mərhələni əhatə edəcək. Həmin mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatı və dövlət reyestri aparılacaq.
Qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakını yüksək qiymətləndirən Q. Təhməzli sahibkarları öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə və qarşılıqlı etimada söykənən əməkdaşlığa çağırıb.
Tədbirin sonunda Agentliyin sədri jurnalistlərin suallarını cavablandırıb.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.