Qida Təhlükəsizliyi Agentliyində Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
7 May 2018 00:00
Mayın 7-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Agentliyin sədri Qoşqar Təhməzli Ulu Öndərin Azərbaycanın gələcək inkişafının təməli istiqamətində açdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən söz açıb. Ümummilli Liderin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırdığını, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq cəmiyyətin bütün sahələrində, o cümlədən insanların rifahı, sağlamlığı və qida təhlükəsizliyinin təmin olunması istiqamətində böyük canlanma yaratdığını qeyd edib. Ulu Öndərin hakimiyyəti dövründən başlayaraq, Azərbaycanın hər sahədə böyük nailiyyətlər əldə etdiyini, vətəndaşların rifahı və rəqabətə davamlı iqtisadiyyatın qurulması və digər bu kimi mühüm istiqamətlərdə inkişafın həyata keçirildiyini deyib. Agentliyin sədri bildirib ki, ölkə prezidentinin sərəncamı ilə yeni fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi və qarşıya qoyulmuş vəzifələr bu istiqamətdə irəli doğru atılmış böyük bir addımdır.
Agentliyin sədri daha sonra Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat yolundan, Vətən və xalq qarşısında tarixi xidmətlərindən, o cümlədən ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib. Qoşqar Təhməzli qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb. Agentliyin sədri bildirib ki, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycan Respublikasının inkişafı və tərəqqisi naminə həyata keçirdiyi daxili və xarici siyasətinin uğurlu nəticəsidir ki, dövlətimiz günü gündən çiçəklənir, inkişaf edir.
Sədrin çıxışından sonra Agentliyin sədr müavini Rüfət Rüstəmzadə, Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli çıxış nitqi edərək, Ulu Öndərin Azərbaycan naminə gördüyü işlərdən danışıblar.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.