Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
19 İyul 2018 00:00


Agentlik ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib.
Müraciətdə deyilir: Hörmətli ixracatçı sahibkarlar! Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzərinizə çatdırır ki, ixrac prosesini həyata keçirməzdən əvvəl xarici ölkələrin idxal tələbləri və oxşar məsələlərlə bağlı zəruri məlumatları ətraflı və operativ şəkildə əldə etmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin international@afsa.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.
Oxşar xəbərlər

Dünyada epizootik vəziyyətlə bağlı son vəziyyət – VİDEOMƏLUMAT
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur.

İşğaldan azad edilmiş ərazilərdə epizootoloji monitorinq keçiriləcək
14-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərin fermer təsərrüfatlarında saxlanılan xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq, laborator müayinələrin aparılması məqsədilə iri və xırdabuynuzlu heyvanlar, donuzlar, arı ailələri və atlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Tədbir zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Əldə edilmiş məlumatlar heyvan xəstəliklərindən azad zonanın yaradılması üçün tərtib olunan hesabata daxil ediləcəkdir.

Türkiyənin Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Türkiyə Respublikasının Çorum və Amasya vilayətlərində dabaq xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
