Qida Təhlükəsizliyi Agentliyinin idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlara Müraciəti
20 İyun 2018 00:00
1 iyul 2018-ci il tarixindən qida zəncirinin bütün mərhələlərində, o cümlədən idxal-ixrac əməliyyatları sahəsində dövlət nəzarətini həyata keçirəcək Qida Təhlükəsizliyi Agentliyi sahibkarlıq subyektlərinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir, sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstərəcəyini bəyan edir.
Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq, qarşılıqlı etimad şəraitində aşağıdakı qaydalara əməl etməyə çağırır:
- Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına dair tələblər
- İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır. Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir.
Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarlar Azərbaycan Respublikasında qüvvədə olan süd və süd məhsullarına, ət və ət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iri buynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına dair baytarlıq tələbləri ilə Agentliyin rəsmi veb səhifəsində tanış ola biləcəklər.
Azərbaycan Respublikasında qüvvədə olan baytarlıq-sanitariya tələblərinə uyğun olmayan dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı yol verilməzdir.
- Emal olunmuş məhsulların idxalına dair tələblər
- Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılır və nəticələrinə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı verilir. Sertifikatın verilməsi üçün sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb edilir.
- Baytarlıq preparatlarının idxalına dair tələblər
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının idxalına icazə verilir.
- Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına dair tələblər
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə verilir.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların idxalı əsas amillərdən biridir.
Oxşar xəbərlər
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin nəticələri açıqlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı 2026-cı il 2-6 mart tarixlərində keçirilmiş epizootoloji monitorinqin nəticələri açıqlanıb. Monitorinq epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, habelə 16 rayonun (şəhər) ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb. Vəhşi və ev quşlarından götürülmüş nümunələrin laborator müayinələri və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.
Heyvanların identikləşdirilməsi baytarlıq nəzarətinin effektivliyini artırır
Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır. Sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir. Heyvanların identifikasiyası və qeydiyyatı aşağıdakı istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir: Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması; Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması; Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması; Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi; Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi; Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi. Nəticə etibarilə, bu sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır.
AQTA "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyaya başlayıb. Məlum olduğu kimi, son dövrlərdə respublikada qaramalın 6-9 aylıq, qoyunların isə 3-5 aylıq yaşda kəsiminin aparılması ənənəvi hal alıb. Bu da hər iki növə aid heyvanların məhsuldarlıq potensialı tam istifadə edilmədən təsərrüfatdan çıxarılması, yekunda isə məhsuldar heyvanların ümumi sayının azalması və istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu məqsədlə iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinə start verilib. Layihə çərçivəsində maarifləndirici materialların (buklet, broşür, poster, videoçarx və s.) hazırlanması və paylaşılması nəzərdə tutulur. Geniş ictimaiyyət media və sosial şəbəkələr vasitəsilə kampaniya barədə məlumatlandırılacaq.
Giriş