Qida Təhlükəsizliyi Agentliyinin məlumatı
13 Noyabr 2018 00:00
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması sağlam sahibkarlıq mühitinin inkişafına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar dalğasının növbəti mərhələsi kimi qida sahəsində fəaliyyət göstərən hər bir sahibkarlıq subyektinin prosesdə iştirakını təmin etməklə, onların öz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə həyata keçirmələri üçün hərtərəfli dəstək göstərməkdədir. Belə ki, Agentlik fəaliyyətə başladığı ilk gündən etibarən qida sahəsində müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi olaraq görüşlər keçirir, sahibkarları narahat edən problemlər öyrənilir və onların həlli birgə müzakirə olunur. Bu görüşlərin həyata keçirilməsində əsas məqsədlərdən biri də bu sahədə şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır. Bununla əlaqədar Agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsi ilə çağırışlar olmuş, qanunazidd hərəkətlər edən agentlik əməkdaşları və agentliyin adından istifadə edən şəxslərlə bağlı 1003 “Qaynar xətti”nə dərhal məlumatların verilməsi xahiş edilmişdir.
Bu istiqamətdə hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə həyata keçirilən silsilə tədbirlər nəticəsində, Agentliyin yerlərdə fəaliyyət göstərən bir sıra əməkdaşları ilə yanaşı, qanunsuz fəaliyyətlə məşğul olan onlarla şəxs ifşa edilmiş və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, əhalinin sağlam və təhlükəsiz qidalanması, rifahının təmin olunması istiqamətində dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların qüsursuz olaraq yerinə yetirilməsi üçün bundan sonra da aidiyyəti orqanlarla birlikdə qətiyyətli addımlar atılacaq və neqativ, pozucu fəaliyyətlə məşğul olan şəxslərin qanunun ən sərt üzü ilə rastlaşması üçün zəruri tədbirlər görüləcəkdir.
“Qida təhlükəsizliyi” anlayışının və fəaliyyət sahəsinin ölkəmizdə yeni formalaşdığını, eyni zamanda əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Agentlik prosesdə iştirak edən bütün tərəfləri, sahibkarları, istehlakçıları və aidiyyəti dövlət orqanlarını öz funksyalarına uyğun olaraq fəaliyyətlərini daha da gücləndirməyə, iş adamlarını, vətəndaşları sosial məsuliyyətdən irəli gələn əsil vətəndaş mövqeyi ortaya qoymaqla, hər hansı neqativ hallarla bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyin “1003 Qaynar xətti”nə və hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırır.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.