Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyat və dövlət reyestrinin aparılması qaydaları ilə bağlı sahibkarlara müraciəti
27 İyun 2018 00:00
Hörmətli sahibkarlar!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək. Hazırda bu istiqamətdə sahibkarlarla maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Nəzərinizə çatdırırıq ki, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.
Qeydiyyat üçün sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
- Ərizə
- Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti
- Vergi ödəyicisi olmasını təsdiq edən uçota alınma haqqında şəhadətnamənin surəti
- Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti
- Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd
- Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti
- Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti
- Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd
Qeyd edirik ki, ərizədə qeydiyyata alınan sahibkarlıq subyektinin adı, hüquqi ünvanı və ya qeydiyyat ünvanı, fəaliyyət istiqaməti, qeydiyyata alınan subyektin fəaliyyət istiqamətindən asılı olaraq həmin fəaliyyətin həyata keçirildiyi faktiki ünvanı, VÖEN-i, səlahiyyətli nümayəndəsi (varsa) barədə, habelə işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə, məhsul və ya xidmət haqqında məlumatlar əks olunmalıdır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.