Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıtda işlə təmin olunmaq üçün müraciət edən sakinlərlə görüşüb
30 İyun 2018 00:00






İyunun 30-da Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzinin inzibati binasında Qida Təhlükəsizliyi İnstitutunda və digər yerli struktur bölmələrdə işlə təmin olunmaq üçün müraciət edən Sumqayıt və Xırdalan şəhərlərinin sakinləri ilə görüşüb.
Yerli televiziyada əvvəlcədən elan olunmuş ixtisas istiqamətləri üzrə müracət edən vətəndaşları qəbul edən Agentlik sədri iş üçün müraciət edən iddiaçıların peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını yoxlayıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Q.Təhməzli görüşə gələn şəhər sakinlərinə dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına, bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün münbit şəraitin yaradılmasına və əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində inkişafa təkan verəcəyini vurğulayıb.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
