Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin bölgələrə səfəri davam edir
16 İyun 2018 00:00










Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bölgələrə səfəri çərçivəsində Agentliyin Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərəcək Regional Mərkəzlərin, Qusar rayonunda isə yerli bölmənin iş şəraitinə baxış keçirib.
Quba Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr, onların nəticələrinin qorunması və bununla bağlı vahid elektron bazanın yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra Q. Təhməzli Quba "ASAN xidmət" mərkəzində qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi bölməyə baxış keçirib. Agentlik sədri mərkəzdə fəaliyyət göstərəcək əməkdaşlara əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı xidmətlərin keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqini təmin etmək olduğunu bildirərək qeydiyyatın və dövlət reyestrinin aparılması ilə bağlı göstəriş və tövsiyyələrini verib.
Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Q.Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.
Əsasən Agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunmaq üçün müraciət edən sakinləri qəbul edən Q.Təhməzli müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verib.
Şimal regionlarına səfəri çərçivəsində Agentlik sədri Xaçmaz şəhərində fəaliyyət göstərəcək Regional Mərkəzin, Xaçmaz yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının və digər inzibati bölmələrin iş şəraitinə yerində baxış keçirib, əməkdaşların istək və arzularını dinləyib.
Sədr dövlətimizin başçısının qida təhlükəzisliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların qida zəncirinin bütün mərhələlərində istehlakçıların hüquqlarının qorunmasına və qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar üçün münbit şəraitin yaradılmasına təkan verəcəyini vurğulayıb.
Oxşar xəbərlər

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Dünyada epizootik vəziyyətə dair - VİDEOMƏLUMAT
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Dünyadakı epizootik vəziyyətə nəzər saldıqda yüksək patogen quş qripi, blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, xırdabuynuzlu heyvanların taunu, nodulyar dermatit, süngərvari ensefalopatiya xəstəliyi, quşlarda Nyukasl xəstəliyi ilə bağlı vəziyyət daha ciddi hesab olunur. Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

Bəzi ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Kaliforniya, Cənubi Dakota, Viskonsin və Kolorado ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
