Qida Təhlükəsizliyi Agentliyinin sədri quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb
27 Oktyabr 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Agentlik sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərlə bağlı sahibkarları məlumatlandırıb. Sahibkarlarla əlaqələndirmə prinsiplərinə əsaslanaraq, şəffaflığın təmin olunması şəraitində həyata keçirilən tədbirlərin ölkədə qida təhlükəsizliyi siyasətinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Q.Təhməzli, bu istiqamətdə sahibkarlara Agentlik tərəfindən hər cür metodiki köməkliyin göstəriləcəyini diqqətə çatdırıb.
Daha sonra quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə ölkə ərazisində müvafiq sahə üzrə qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların maarifləndirilməsi sahəsində əlaqələndirilmiş birgə fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib və birgə bəyanat qəbul edilib.
Bəyanatda bildirilir ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcəkdir.
Bu istiqamətdə Azərbaycan Respublikasi Quşçular Cəmiyyəti isə idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunması, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi, istehsal olunan məhsulların ölkədə mövcud standartlara və keyfiyyət tələblərinə uyğun təşkil olunması, heyvan sağlamlığından irəli gələn tələblərə əməl edilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə normayaratma və digər istiqamətlərdə əməkdaşlıq edilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində sosial videoçarxların hazırlanması və sahənin inkişafı üzrə təkliflərin irəli sürülməsini təmin edəcəkdir.
Tədbirin sonunda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatın idarəetməsində təmsil olunacaq
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) 92-ci Baş Sessiyası çərçivəsində təşkilatın Avropa Regional Komissiyasının idarə heyətinə seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi ÜHST-nin Avropa Komissiyasına vitse-prezident seçilib. Bununla da ölkəmiz nüfuzlu təşkilatın idarəçiliyində təmsil olunacaq. 53 ölkənin daxil olduğu regionda tətbiq edilən bir sıra tədbirlər AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın Baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin koordinasiyası ilə icra olunacaq. Eyni zamanda beynəlxalq təşkilatın gələcək fəaliyyət strategiyalarının və proqnozlarının hazırlanması Azərbaycan təmsilçisinin iştirakı ilə həyata keçiriləcək. Namizədliyi yekdil səslə qəbul olunan qərar nəticəsində Azərbaycanın digər ölkələr ilə ikitərəfli əməkdaşlığın qurulması potensialının yüksələcəyi, ölkəmizdə əldə edilmiş qabaqcıl təcrübənin digər ölkələrdə tətbiq olunmasına şərait yaranacağı gözlənilir.