Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
13 Noyabr 2023 14:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq qurumlarla birlikdə quş qripi xəstəliyinə qarşı növbəti mövsümi epizootoloji monitorinqlərə başlanır.
Cari ilin 20-24 noyabr tarixlərində keçiriləcək epizootoloji monitorinqlər zamanı Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşları ovlanacaq. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Şabran, Siyəzən, Lənkəran, Cəlilabad, Salyan, Neftçala və Ucar rayonlarında fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Astara, Salyan, Neftçala və Ağcabədi rayonlarının ailə təsərrüfatlarında laborator müayinə aparılması üçün ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Məlumatlar “Epicollect5” proqramına daxil edilərək təhlil olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər.
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələr aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.