Sabirabadda fermerlərə təlim keçirilib
27 Aprel 2019 12:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Sabirabad rayonunda fermerlərə, torpaq mülkiyyətçilərinə və sahibkarlara fitosanitar nəzarəti və bitki sağlamlığı sahəsində “Pestisidlərdən səmərəli və təhlükəsiz istifadə” mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Saatlı, Salyan, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan fermerlər də iştirak edib.
Təlimdə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev qeyd edib ki, məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, bitkiçilikdə zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, pestisidlərdən kortəbii istifadə zamanı bitki aləminə, ətraf mühitə və insan sağlamlığına vurulan ziyanın qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəticəsində ölkədə qida təhlükəsizliyinin təmin edilməsidir.
Təlimdə pambıq bitkisinin zərərli orqanizmlərdən qorunması tədbirləri, pomidor minalayıcı güvəsinin zərəri, monitorinqi və onunla mübarizə tədbirləri, pestisidlərlə işləyərkən təhlükəsizlik və şəxsi gigiyena qaydaları ilə bağlı iştirakçılara ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara bitki sağlamlığı sahəsində təlimat və bukletlər paylanılıb.
Tədbir rayonun bitkiçilik sahələrinə aid istehsal yerlərində praktiki təlimlərlə davam etdirilib.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.