“WorldFood Azerbaijan 2019” Sərgisi işə başlayıb
15 May 2019 08:50
Mayın 15-də “Bakı Ekspo” Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi işə başlayıb. Tədbirdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” Sərgisi qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin daha da möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub. Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk ildən etibarən «WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və Agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub. Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edəcək. Sərgidə Agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir.
Qida Təhlükəsizliyi Agentliyinə məxsus bu ilki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir.
Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.
Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilmişdir. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.
Sərgidə həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda, bu ilki sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, sərgi çərçivəsində 17 may tarixində 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: