Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlər keçirilib
29 Aprel 2022 14:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin köçəri quşların yaz və payız miqrasiya marşrutlarının üzərində yerləşdiyini və müxtəlif ərazilərimizdə onların daimi və müvəqqəti məskənlərinin olmasını nəzərə alaraq, yüksək patogen quş qripi xəstəliyinə qarşı dövri olaraq epizootoloji monitorinqlər keçirir.
Monitorinqlərin keçirilməsi üçün Agentlik Aparatının, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin (HSBXM), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin (BMQX) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin (XTİNM) əməkdaşlarından ibarət İşçi Qrupu yaradılıb.
2022-ci ilin 11-15 aprel tarixlərində keçirilmiş monitorinqlərdə Agentliyin, HSBXM-nin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, XTİNM-nın, BMQX-nin ərazi üzrə ovçuluq təsərrüfatı və milli parklarının əməkdaşları və mütəxəssisləri iştirak edib.
Monitorinqlər zamanı Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 57 baş müxtəlif növ çöl quşu ovlanıb və onlardan patoloji materiallar götürülüb. Bu müddətdə Bakı şəhərindəki, Xaçmaz, Siyəzən, Lənkəran, Ucar, Beyləqan, Neftçala, Hacıqabul və Abşeron rayonlarındakı 12 sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisəsində 120 baş quşdan, Bakı şəhəri, Abşeron, Qobustan, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ 400 baş ev quşundan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Çöl və ev quşlarından götürülmüş nümunələr AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində YPQQ xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Qeyd edək ki, quşçuluq təsərrüfatlarında kütləvi tələfata səbəb olan və böyük iqtisadi itki ilə nəticələnən yüksək patogen quş qripi (YPQQ) xəstəliyi insanlar üçün təhlükə törədən zoonoz xəstəlikdir və ciddi epizootoloji risk kimi qiymətləndirilir. Xəstəliyin yayılmasına sənaye əsaslı iri və kiçik həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan müxtəlif növ ev quşları, köçəri və daimi məskunlaşmış çöl quşları səbəb olur.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.