Çərəzlərin gizli qalan faydaları
24 Mart 2022 00:00
Çərəzlər - zəngin tərkibi baxımından orqanizmin gündəlik vitamin və mineral tələbatını, eyni zamanda beyinin təbii yağlara olan ehtiyacını ödəyir. Tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliyə qarşı qalxan rolunu oynayır.
Qovrulan zaman qidalılıq dəyərinin azalması, tərkibindəki yağların trans yağlara çevrilməsi ehtimalı yüksək olduğu üçün onların qovrulmamış və ya çox az qovrulmuş halda istehlakı tövsiyə olunur.
Qoz - orqanizmin ehtiyacı olan bitki tərkibli Omega - 3 yağ turşusunu təmin edən tək çərəz olmaqla, yağ, zülal, karbohidratlar, C vitamini, B qrup vitaminləri, maqnezium, manqan, sink, fosfor, E vitamini və alfa-linolenik turşusu kimi komponentlərlə zəngindir.
Qoz sinir sisteminə müsbət təsir göstərir, damarların kirəcləşməsinin qarşısının alır, xolesterol səviyyəsi və qan şəkərinin stabilləşməsinə kömək edir. Eyni zamanda lif, protein sayəsində Alzheimer xəstəliyi və şəkərli diabetin yaranmasını ləngidir, sümüklərin güclənməsi və dəri hüceyrələrinin cavan qalmasını təmin edir.
Fındığn tərkibində olan yağların 96 %-i orqanizm üçün faydalı olan doymamış turşular – olein və linolindən ibarətdir. Həmçinin zülal, karbohidrat, doymamış yağlar, E və B qrupu vitaminləri, yüksək miqdarda kalium, kalsium və natriumla zəngindir. Fındıq immun sistemini gücləndirir, sinir sistemi, bağırsaq üşün faydalıdır, diabet riskini azaldır, xərçəngə qarşı orqanizmi qoruyur, beyin fəaliyyətini və zehni qabiliyyəti yaxşılaşdırır, əzələləri gücləndirir, hüceyrələri yaşlanmaqdan qoruyur, toxluq hissini artırır.
Badam lif, doymamış yağ turşuları ilə yanaşı, E və B qrupu vitaminləri, maqnezium, kalsium, fosfor, dəmir, sink, selen və mis kimi minerallarla zəngindir. Dadına görə badam acı və şirin olmaqla 2 növə bölünür. Təzə halda yeyilən şirin badam qənnadı sənayesində geniş istifadə olunur. Son zamanlarda qida rasionumuzda yer alan badam südü laktozasız və xolesterolsuz olduğu üçün inək südünə alternativ istifadə edilir. Ürək-damar xəstəliklərinə qarşı faydalıdır, qan təzyiqini tənzimləyir, beyinin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini tənzimləyir, sümük əriməsini əngəlləyir. Maddələr mübadiləsini sürətləndirmək üçün badamın ac qarınına istehlakı tövsiyə olunur.
Tərkibi lif, fosfor, kalium, E, C, A və B qrup vitaminləri, yağ və proteinlə zəngin olan fıstıq həzm prosesinin yaxşılaşması, qan təzyiqinin tənzimlənməsi, immun sistemin gücləndirilməsi, qanazlığı zamanı faydalıdır. Zehni fəaliyyətin inkişafına müsbət təsir etdiyindən uşaqlara da istehlakı tövsiyə olunur.
İydə və innab da orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Kalori dəyəri aşağı olduğundan pəhriz saxlayanlar üçün əlverişli sayılan iydə C vitamini ilə zəngindir, soyuqdəymə və tənəffüs yolu infeksiyalarında faydalıdır. Təzə və ya qurudulmuş halda istehlak olunan innab isə qan təzyiqini aşağı salmaq üçün yaxşı vasitədir, sidikqovucu vasitə kimi böyrək, bəlğəm yumşaldıcı kimi isə tənəffüs orqanları xəstəliklərində faydalıdır.
Ümumiyyətlə, bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamaq üçün yetərlidir və günün hər saatında istehlak edilə bilər.
Yaxşı çərəzi necə seçməli? Çərəzlər bütöv olmalı, üzərində çat, zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Əgər məhsula uyğun gəlməyən qoxu hiss edilərsə, bu, çərəzlərin düzgün şəraitdə saxlanmaması və sağlamlıq üçün təhlükəli olmasından xəbər verir.
Qablaşdırılan çərəzlər alınarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Düzgün şəraitdə saxlanmayan çərəzlərdə zəhərli toksin - aflatoksin yaranır. Aflatoksin - kiflər məhsulun üzərində pambıq kimi, bəzən də rəngli şəkildə özünü büruzə verir, məhsulun gözlə görünməyən dərin qatlarına qədər nüfuz edə bilir. Kiflərin səbəb olduğu zəhərlənmələr özünü qısa müddətdə göstərmir. Lakin uzun müddət kifli məhsulların istehlakı orqanizmdə sonralar ciddi fəsadlara yol açır. İstehlak olunmazdan əvvəl çərəzlərin mütləq yuyulması tövsiyə olunur.