Qənnadı məmulatlarına diqqət: nələri bilmirik?
24 Mart 2022 00:00
Unlu və şəkərli olmaqla iki qrupa bölünən qənnadı məmulatları tərkibi, qidalılıq dəyəri və hazırlanma texnologiyasına görə fərqlənirlər. Unlu qənnadı məmulatlarına peçenye, pryanik, vafli, tort, piroq, keks kimi məhsullar, şəkərli qənnadı məmulatlarına isə marmelad, karamel, şokolad, mürəbbə, cem, povidlo və s. aiddir.
Daşınma və saxlanma rejiminə düzgün riayət edilməzsə, məhsul insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Tərkibinə xaricdən bir çox zərərli kimyəvi maddələr, o cümlədən ağır metal duzlar, toksiki elementlər, həmçinin mezofil və anaerob mikroorqanizmlər, kif və maya göbələklərinin düşməsi nəticəsində məhsulların keyfiyyəti itir. Sadalanan maddələrin miqdarı tibbi-bioloji tələblərin normalarını keçərsə, insan orqanizmində ciddi xəstəliklər yarana bilər.
Düzgün qablaşdırılma məmulatların xarici təsirlərdən etibarlı qorunması üçün vacib şərtdir. Bu proses məhsulun konkret çeşidi, eləcə də normativ texniki sənədlərin tələbinə uyğun olmalıdır. Məmulatlar əsasən içərisinə perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton qutu və sellofan paketlərə qablaşdırılır. Mürəbbə, cem, povidlo kimi şəkərli qənnadı məmulatlar isə şüşə və ya tənəkə bankalara qablaşdırılaraq satışa çıxarılır. Qablaşdırılmayan məhsullar haqqında informasiya ticarət obyektində məlumat vərəqində aydın şəkildə göstərilməlidir. Hər bir istehlakçı bu tip məhsulları alarkən onun saxlanma şəraitinə, qablaşdırmanın üzərindəki markalanmada qeyd edilən məlumatlara diqqət yetirməlidir.
Daşınmaya gəldikdə, tez xarab olan qənnadı məhsullarının daşınması 6° C-dək temperaturda və xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Məhsulların saxlanma rejimini xarakterizə edən əsas göstəricilər havanın temperaturu və havanın nisbi rütubəti, sanitar-gigiyenik şərtlər, işıqlandırma, otaqların havalandırılmasıdır. Məhsulların düzgün yerləşdirilməsi və düzülməsi, eləcə də mal qonşuluğu prinsipinə riayət edilməsi zəruridir.
Konfetlərin markalanması qənnadı məmulatları üçün adidir. Drajelər bədii tərtibatlı dəstələrə, paketlərə, qutulara qablaşdırılır. Drajenin saxlanma şəraiti konfetlərdə olduğu kimidir və günəş işığı şüasının təsirindən qorunmalıdır. Karamel, halva 18° C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla saxlanmalıdır. Saxlanma rejimi pozulduqda halvadan yağ axır, acılaşır, xoşagəlməz dad və qoxu duyulur. Havanın nisbi rütubətinin artması da yağın axmasına səbəb olur. Şokoladı isə 18° C-dən yüksək olmayan temperaturda və havanın nisbi rütubəti 75 %-dən çox olmamaqla quru, təmiz, yaxşı havalandırılan, anbar zərərvericiləri ilə yoluxmayan, birbaşa günəş işığı düşməyən yerdə saxlamaq lazımdır. 50 q və daha çox kütləsi olan şokoladın markalanmasında isə əsas komponentlərin tərkibi mütləq göstərilməlidir.
Unlu qənnadı məmulatlarının forması düzgün və zədəsiz, dadı və iyi isə çeşidinə müvafiq olmalıdır.Bu tip məhsullar kənar iy və dad verməməlidir. Unlu qənnadı məmulatlar soyuducuda əsasən 18° C-dən aşağı temperaturda və 65-75 % nisbi rütubətdə saxlanmalıdır. Bu rejimə əməl edilməklə növ və çeşidindən asılı olaraq tort və piroqlar 3 saatdan 1 ayadək, pryaniklər 10-45 gün, kekslər 2-12 gün, ruletlər 5 gün, vaflilər 1-3 ay saxlana bilər. Açıq şəkildə satılan qənnadı məmulatları, xüsusilə də unlu qənnadı məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməlidir. Bu tip məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin olunmuş işçi heyət tərəfindən istehlakçılara təqdim edilməlidir.
Mürəbbə və cemlər isə pasterizə edilmiş halda 6 ay, hermetik qabda olanlar 12 ay, şokoladlar 2-6 ay, konfetlər 1-4 ayadək, irislər 2-6 ay, karamel məmulatı 15 gündən 6 ayadək saxlana bilər. Şüşə bankalarda qablaşdırılmış mürəbbə, cem və povidlolar qapağı açıldıqdan sonra içərisindəki maddələr hava ilə təmas zamanı oksidləşir və nəticədə məhsul yararsız vəziyyətə düşür. Ona görə də qapağı açılandan sonra bu kimi məhsullar 2-4 həftə ərzində mütləq istehlak edilməlidir.