Ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər necə qidalanmalıdırlar?
14 Aprel 2020 00:00
Ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, qeyri-adekvat və balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Belə ki, xəstəlik daha çox 40 yaşdan yuxarı insanlarda müşahidə edilir.
Ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma şərtdir. Mütəxəssislər ürək və damarları qorumaq üçün tövsiyə edirlər
Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.
Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödəmin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.
Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir
Spirtli və şirin içkilərdən imtina olunmalıdır
Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır
Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir
Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır
Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilə bilər