ABŞ-da istehsal olunan bir sıra qida məhsullarında bakteriya aşkarlanıb
13 Avqust 2024 14:54
Amerika Birləşmiş Ştatları (ABŞ) Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun (istehlaka hazır heyvan və quş əti məhsulları) geri çağırılması barədə qərar elan edilib. Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzinin məlumatına əsasən, ABŞ-nin 13 ştatında “Boar's Head Provisions Co” şirkəti tərəfindən istehsal olunan məhsulların “Listeria monocytogenes” bakteriyası ilə çirklənməsi nəticəsində 43 nəfərədək insanın xəstəliyə yoluxduğu müəyyənləşdirilib. Məlumatda həmçinin bildirilir ki, xəstəliyə yoluxanlar hospitalizə olunub və onların arasında üç ölüm hadisəsi baş verib.
“L.Monocytogenes” ilə çirklənmiş qidaların istehlakı ilk növbədə hamilə xanımlar, 65 və daha yuxarı yaşda olan və ya zəif immun sisteminə malik insanlara təsir edən ciddi infeksiya sayılan listerioz xəstəliyinə səbəb olur. Bəzi hallarda bu risk qruplarından kənar şəxslər də infeksiyanın təsir dairəsinə düşür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində qeyd olunan məhsulların ölkəmizə idxal edilmədiyi müəyyənləşdirilib. Bununla yanaşı, Agentlik tərəfindən ABŞ-dən ölkəmizə idxal olunan bütün yüksək riskli qida məhsullarına nəzarət tədbirləri gücləndirilib.
Əlavə olaraq bildiririk ki, ölkəmizə idxalı həyata keçirilən yüksək riskli qida məhsullarının istehsalçıları qüvvədə olan qanunvericiliyə əsasən təsdiq proseduruna cəlb olunur.
Tərkibində bakteriya aşkarlanmış ABŞ istehsallı məhsullar haqqında ətraflı məlumatlarla aşağıda fayl və link vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Lənkəranda çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran rayonunda cənub bölgəsinin çiyələk və kartof istehsalçıları və ixracatçıları ilə görüş təşkil olunub. Görüşün keçirilməsində əsas məqsəd ixrac proseslərinin beynəlxalq fitosanitar tələblərə uyğun qurulması, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, bitki sağlamlığı sahəsində risklərin minimuma endirilməsi istiqamətində sahibkarlarla əməkdaşlığın daha da gücləndirilməsidir. Görüş zamanı ixrac proseslərinin düzgün təşkili, eləcə də bitki sağlamlığının qorunması və fitosanitar tələblərə riayət olunmasının vacibliyi vurğulanıb. Sahibkarlara idxalçı ölkələrin fitosanitar və texniki tələbləri, eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Təşkilatının (IPPC) müəyyən etdiyi standartlara uyğunluğun təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, məhsulların istehsal mərhələsindən etibarən zərərli orqanizmlərlə yoluxmanın qarşısının alınması, bitki mühafizə tədbirlərinin düzgün və vaxtında aparılması, istifadə olunan preparatların normativ tələblərə uyğun tətbiqi ixrac prosesində əsas şərtlərdən biridir. Qablaşdırma materiallarının, xüsusilə taxta tara və altlıqların fitosanitar tələblərə uyğun hazırlanması və zərərvericilərdən azad olması əhəmiyyət kəsb edir. Bununla yanaşı, məhsulların düzgün qablaşdırılması, etiketlənməsi, saxlanma və daşınma zamanı təhlükəsizlik tələblərinə riayət olunması, eləcə də izlənəbilirliyin təmin edilməsi ilə bağlı məsələlər geniş şəkildə izah olunub. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb. Tədbir çərçivəsində Agentlik əməkdaşları çiyələk və kartof təsərrüfatlarına, çeşidləmə sahələrinə və saxlanma məntəqələrinə baxış keçirib. Baxış zamanı fitosanitar vəziyyət qiymətləndirilib, bitkilərin xəstəlik və zərərvericilərdən qorunması, aqrotexniki tədbirlərin düzgün təşkili və məhsulun keyfiyyətinin saxlanılması ilə bağlı praktiki tövsiyələr verilib.
Uyğunsuzluq aşkarlanan pestisid məhsullarının ölkəyə idxalının qarşısı alınıb
Fiziki şəxs Qənbərov Səfail Zəki oğlunun İrandan idxal etdiyi ümumi çəkisi 12028 kq “Emulsifiable Oil Aria 80% L” əmtəə nişanlı pestisid məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində təsiredici maddənin (mineral yağ) miqdarı normadan aşağı müəyyən edilib. Uyğunsuzluqla əlaqədar, məhsul partiyasının geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Məhsullar mənşə ölkəsinə geri qaytarılıb.
Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub. Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub. Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib. Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Giriş