AQTA bioloji aktiv qida məhsulları ilə bağlı xəbərdarlıq edib
8 İyul 2024 12:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal edilən və idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının (BAQM) laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Bununla bağlı olaraq zəruri tədbirlər həyata keçirilib və bu proses hazırda davam etməkdədir.
Bu sahədə aparılan təhlillər nəticəsində məlum olub ki, bəzi sahibkarlar tərəfindən asan qazanc əldə etmək məqsədilə hər hansı bir effektiv təsirə malik olmayan, həmçinin müxtəlif sosial şəbəkələr və media resurslarında vətəndaşlara geniş reklam kampaniyaları ilə təqdim olunan bioloji aktiv qida məhsullarının ölkəmizə idxalına cəhd göstərilir.
Qeyd edək ki, ölkəmizə idxal olunan bioloji aktiv qida məhsullarının böyük hissəsi Türkiyə Respublikasından gətirilir. Həyata keçirilən nəzarət və tənzimləmə tədbirləri zamanı Türkiyə Respublikasından ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyən edilib.
Bütün bunlar nəzərə alınaraq son illərdə bu sahədə nəzarət və tənzimləmə fəaliyyətləri daha da genişləndirilib. Məqsəd ölkə ərazisində istehsalı, emalı həyata keçirilmədən və dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla uyğunluğunun müəyyən edilməsidir.
AQTA bəyan edir ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də ölkə ərazisinə idxal olunan, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkəmizdə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi ölkə ərazisində qadağandır.
Oxşar xəbərlər

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür
Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün mühüm çağırışdır. Bu çərçivədə Agentlik yeniyetmə və gənclər arasında populyarlaşan elektron siqaretlərin (veyp) zərərləri barədə maarifləndirmə fəaliyyətlərini genişləndirib. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən tütündən əldə edilən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalarla təsdiqlənib. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə ənənəvi siqaretlərə alternativ kimi təqdim olunan veyplərin sağlamlıq üçün yaratdığı təhdidlər izah olunub. Eyni zamanda “Bakı Metropoliteni” stansiyalarında elektron siqaretlərin (veyplərin) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Həmçinin veyplərin zərərləri barədə sosial şəbəkə hesablarında mütəmadi olaraq maarifləndirici videolar paylaşılır.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

İdxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır: