AQTA Çindən ölkəmizə qida məhsulları idxal edən bəzi şirkətlərə xəbərdarlıq edib
5 Aprel 2023 12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir.
Bununla bağlı olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində müvafiq tədbirlər icra edilmiş və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilməkdədir.
Qeyd edək ki, Çin Xalq Respublikasından da ölkəmizə bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.
AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır. Bildirilir ki, cari ilin aprel ayının 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin yuxarıda qeyd olunan qida məhsullarını idxal etməsi mümkün olmayacaq.
Oxşar xəbərlər
İrandan idxal edilən konfetdə uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Yaqubov Nuru Adəm oğlunun İran İslam Respublikasından idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb. Laborator müayinə nəticəsində (20.10.2025-20.10.2026 istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi bildirişlərinə əsasən, region ölkələrinin bir qismində xüsusi təhlükəli yoluxucu heyvan xəstəlikləri üzrə epizootik vəziyyətdə son aylar ərzində sabitləşmə meyilləri müşahidə olunub və xəstəliklərin yayılma dinamikasında azalma qeydə alınıb. Bundan əlavə, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş rəsmi məlumatda ölkədə həyata keçirilən baytarlıq tədbirləri və monitorinq nəticələrinə əsasən, epizootik durum stabil qiymətləndirilir. Həmçinin baytarlıq-sanitariya tələblərinə tam əməl olunduğu, epizootik vəziyyətin davamlı nəzarətdə saxlanıldığı və xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin yayılması riskinin minimal olduğu barədə rəsmi zəmanət təqdim edilib. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstandan damazlıq və yetişdirmə üçün gətirilən heyvanların idxalına tətbiq edilmiş məhdudiyyət 2025-ci il 1 dekabr tarixindən etibarən aradan qaldırılıb.
Hindistandan idxal olunan bioloji aktiv qida məhsulu normativ tələblərə cavab verməyib
Nəzarət tədbirləri çərçivəsində “HB CO LTD” MMC-nin Hindistandan idxal etdiyi 4934 ədəd “Glukamin” və 2982 ədəd “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində “Carditon Q” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində B12 vitaminin miqdarının normadan artıq olduğu, “Glukamin” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun tərkibində isə manqanın miqdarının normadan aşağı olduğu müəyyən edilib. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkar müraciəti əsasında məhsul partiyası məhv edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş