AQTA-da İrandan qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib
31 Avqust 2023 17:44








Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə İran İslam Respublikasından qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş keçirilib.
Tədbir respublikamıza İrandan yüksək riskli qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə AQTA sədrinin müavini Əziz Şərifov qida təhlükəsizliyi, o cümlədən yüksək riskli qida məhsullarının idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlərin təsdiqi prosesinə başlanıb. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya müvafiq tələblərə cavab vermədiyi üçün təsdiqdən imtina edilir.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılov bir sıra ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin qeydiyyatı və təsdiqi işinin uğurla aparıldığını vurğulayıb və İrandan respublikamıza qida məhsulları idxal edilən müəssisələrin də bu prosesə fəal qoşulmasının vacibliyini önə çəkib. Eyni zamanda vurğulayıb ki, əvvəlcədən verilmiş məlumata uyğun olaraq, bu il sentyabrın 1-dən bu vaxtadək qeydiyyat üçün müraciət etməmiş İran müəssisələrindən ölkəmizə balıq və süd məhsullarının gətirilməsinə icazə verilməyəcək. Həmçinin E.Mikayılov xatırladıb ki, bir müddət sonra təsdiq olunmamış heç bir xarici obyektdən respublikamıza qida məhsullarının gətirilməsinə icazə verilməyəcək. Ona görə də, istehsal etdikləri qida məhsullarının ölkəmizə idxalında maraqlı olan bütün müəssisələr vaxtında qeydiyyat və təsdiq üçün müraciət etməlidir.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

İdxal olunan bir sıra qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub. Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:

Zərərli orqanizm aşkarlanan nektarin tingləri məhv edilib
AQTA əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb. Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir. Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
