AQTA-da İrandan yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş keçirilib
2 Avqust 2023 11:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə İran İslam Respublikasından yüksək riskli məhsullar idxal edən sahibkarlarla görüş təşkil olunub. Tədbir respublikamıza İrandan baytarlıq nəzarətinə aid məhsulların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.
Görüşdə qida təhlükəsizliyi, o cümlədən yüksək riskli məhsulların idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizə gətirilən yüksək riskli qida məhsullarının, xüsusilə heyvan mənşəli məhsulların istehsal və emal edildiyi obyektlər təsdiq olunmalıdır. Bununla əlaqədar olaraq, hazırda ixracatçı ölkələrdə fəaliyyət göstərən istehsal müəssisələrinin yerində və ya videokonfrans formatında qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələri əsasında müəssisələr təsdiq olunur və ya təsdiqdən imtina edilir.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
İrandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi
Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
Virus aşkarlanan pomidor məhsulu partiyası məhv edilib
Ölkəmizə idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı Türkmənistandan gətirilən pomidor məhsulunda virus aşkarlanıb. “Dəmir Yumruq-A” MMC-nin Türkmənistan Respublikasından idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib. Agentlik qeyd edir ki, yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər.