AQTA İranda fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
7 İyul 2023 15:45
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam edir.
Məlum olduğu kimi, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir. Xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması üçün obyektin Azərbaycan Respublikasında qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu Agentlik tərəfindən yerində qiymətləndirilmə aparılmaqla və ya vizualizasiya yolu ilə qiymətləndirilir. Qiymətləndirilmə nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq edilməsi və ya təsdiqdən imtina edilməsi barədə qərar qəbul edilir.
Bununla əlaqədar, İran İslam Respublikasının səlahiyyətli dövlət qurumuna bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il sentyabrın 1-dən balıq və balıq məhsullarının, süd və süd məhsullarının istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida obyektləri tərəfindən məhsulların idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
AQTA bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaqdır. Bu sıraya mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsullar aiddir. Agentlik növbəti dəfə qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. Sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytı, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində "Healty Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsulu partiyalarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır: "Healty Life" MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Healty Life" MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Caspi Pharm" MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu.
ABŞ-da istehsal olunan bir sıra qida məhsullarında bakteriya aşkarlanıb
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Qida Təhlükəsizliyi və Təftiş Xidməti rəsmi internet səhifəsində “Boar's Head” və “Old Country” brendlərinin 10 may 2024-cü il və 29 iyul 2024-cü il istehsal tarixli 71 növ qida məhsulunun geri çağırılması barədə qərar elan edilib.
AQTA-da yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində yem məhsulları və yem əlavələri idxal və istehsal edən sahibkarlarla görüş olub.