AQTA ölkəmizə yüksək risk qrupuna aid qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə xəbərdarlıq edib
14 Mart 2024 16:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri Agentlik tərəfindən təsdiq edilməlidir. Bundan ötrü həmin müəssisələrin respublikamızda qida təhlükəsizliyi sahəsində mövcud olan tələblərə uyğunluğu yerində və ya vizualizasiya yolu ilə qiymətləndirilməlidir. Qiymətləndirilmənin nəticələrinə əsasən, obyektin təsdiq edilməsi, şərti təsdiq və ya təsdiqdən imtina olunması barədə qərar qəbul edilir.
Ötən müddət ərzində müvafiq qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən geniş təbliğat-təşviqat işləri aparılıb. Müxtəlif dövlətlərdən ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat və metodiki tövsiyələr verilib. Həmçinin təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıqlar edilib, eyni zamanda qanunvericiliyin tələblərinə əməl edilməsi üçün onlara müəyyən vaxt verilib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bəzi sahibkarlar isə həmin müəssisələrdə istehsal olunan məhsulları ölkəmizə gətirməyə cəhd göstərirlər. Qeyd olunan hallarla bağlı Agentlik tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və ya istehsalçı ölkəyə geri qaytarılır.
AQTA bəyan edir ki, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektləri təsdiq olunmadığı təqdirdə, həmin müəssisələrdən respublikamıza yüksək risk qrupuna aid qida və yem məhsulları idxal edilə bilməz. Belə obyektlərdə istehsal edilən məhsulların qanunsuz olaraq ölkəmizə gətirilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir. Bununla yanaşı, Agentlik bir daha cavabdeh qida subyektlərini və ya onların respublikamızdakı səlahiyyətli təmsilçilərini ölkəmizə yüksək risk qrupuna aid olan qida və yem məhsullarını gətirmək üçün müvafiq müəssisələri təsdiqdən keçirməyə dəvət edir. Eyni zamanda sahibkarların nəzərinə çatdırır ki, sahibkarlar qanunvericiliyin tələbləri ilə Agentliyin veb-saytından, həmçinin sosial media səhifələrindən tanış ola, sualları yarandığı təqdirdə isə “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, ət və ət məhsulları, quş əti və quş əti məhsulları, balıq və dəniz məhsulları, heyvan mənşəli konservləşdirilmiş məhsullar, süd və süd məhsulları və heyvan yemi üçün istifadə olunan məhsullar yüksək risk qrupuna aiddir.
Oxşar xəbərlər
İdxal olunan istehlaka yararsız məhsullar məhv edilib
Nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.
İrandan idxal olunan bəzi qida məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.
İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi
Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır: