AQTA tərəfindən Azərbaycandan Çinə quş əti və digər quşçuluq məhsullarının ixracına icazə əldə olunub
13 Dekabr 2023 16:12
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Çin Xalq Respublikasının (ÇXR) Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.
Agentlik tərəfindən ÇXR-in müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan Respublikası ərazisində epizootoloji monitorinqlər, risk təhlilləri, tədqiqatlar, müəssisələrin qiymətləndirilməsi, məhsullar üzrə baytarlıq-sanitariya nəzarətinin gücləndirilməsi və digər tədbirlər həyata keçirilərək görülən işlər barədə hesabatlar müqabil tərəfə təqdim olunub.
Həmçinin AQTA nümayəndə heyəti ilə Çin sahibkarlarından ibarət nümayəndə heyəti arasında 2023-cü il 18 may tarixində fitosanitar və baytarlıq nəzarətində olan məhsulların bu ölkə bazarlarına ixracı barədə müzakirələr aparılıb, 19 may tarixində isə ÇXR-ə quş əti idxalına maraqlı olan idxalçıları ilə Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasında görüş və 5 quşçuluq təsərrüfatına baxış keçirilib.
ÇXR-in Baş Gömrük İdarəsi, Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi AQTA tərəfindən təqdim edilmiş müvafiq hesabatları və tədqiqat nəticələrini əsas götürərək Azərbaycan Respublikasının bütün ərazisində yüksək patogen quş qripinin mövcud olmadığını təsdiqləyib. Bununla da, Çinin müvafiq qurumunun 2006-cı il 619 saylı qərarı ləğv edilib.
Yeni qərara əsasən, ÇXR-in qida təhlükəsizliyi ilə bağlı qanun və tələblərinə uyğun gələn Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının idxalına 8 dekabr 2023-cü il tarixdən etibarən icazə verilir.
Sahibkarların diqqətinə çatdırırıq ki, Çinə quş əti və digər quşçuluq məhsullarının ixracı, eyni zamanda müqabil ölkənin qida təhlükəsizliyi üzrə qanunvericiliyi ilə tanış olmaq, həmçinin metodiki köməklik üçün Agentliyə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycandan İsrailə bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Təftiş Xidmətinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə Azərbaycandan İsrailə pomidor məhsulunun ixracı üçün icazənin əldə olunması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəmizdən İsrailə digər bitkiçilik məhsullarının ixracı üçün zəruri icazələrin alınması üzrə görülən işlərlə bağlı müzakirələr aparılıb. Bundan əlavə, ölkəmizdə bitki zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə İsrail tərəfinə ətraflı məlumat verilib. Görüş zamanı həmçinin, bitki sağlamlığı sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib. Sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.
İdxal olunan antep fıstığı məhsulu partiyası ilə bağlı müvafiq qərar qəbul edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Buta Çərəz” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “SDF Gida Sanayi ve Ticaret Limited Şirketi” müəssisəsinin istehsalı olan ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb. Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Giriş