AQTA tərəfindən təsdiq edilən xarici qida obyektlərinin sayı 242-yə çatıb
19 Dekabr 2023 17:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam etdirilir. Müəssisələrin qiymətləndirilməsi yerində və ya videoinspeksiya formatında həyata keçirilir.
Cari ilin dekabr ayı ərzində ölkəyə yüksək risk qrupuna aid qida məhsullarının ixracını həyata keçirən Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, həmçinin Belarus, Gürcüstan, Ukrayna, Hindistan və Litva respublikalarına məxsus 17 obyekt təsdiq edilib, 2 müəssisə isə aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması şərtilə təsdiq olunub. Eyni zamanda Agentlik tərəfindən şərti olaraq təsdiq edilmiş İran İslam Respublikasına, eləcə də Gürcüstan və Belarus respublikalarına məxsus ümumilikdə 5 xarici qida obyektində yenidən qiymətləndirmə aparılıb və nəticədə həmin müəssisələrin təsdiq ediməsi barədə qərar qəbul olunub.
Ümumilikdə isə 2023-cü ilin ötən dövrü ərzində 95-i yerində, 194-ü onlayn formatda olmaqla, 289 xarici müəssisədə qiymətləndirmə aparılıb. Nəticədə 242 müəssisə təsdiq edilib, uyğunsuzluqlar aşkarlandığı üçün 16 müəssisənin şərti təsdiq edilməsi barədə qərar qəbul olunub. Qiymətləndirmə aparılmış 31 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, xarici ölkələrdən respublikamıza ixrac həyata keçirən qida obyektlərinin təsdiqi ilə bağlı Reyestrlə Agentliyin rəsmi internet səhifəsindən (www.afsa.gov.az) tanış olmaq mümkündür.