Azərbaycandan gilas tinglərinin Özbəkistana ixracına icazə verilib
6 Aprel 2026 17:11
Azərbaycan Respublikasından yerli gilas tinglərinin Özbəkistan Respublikasına ixracına icazə əldə olunub.
Gilas tingləri fitosanitar baxımdan yüksək riskli məhsul hesab olunduğundan, ixracdan əvvəl beynəlxalq standartlara uyğun ətraflı fitosanitar risk qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı potensial karantin zərərvericiləri, onların yayılma yolları və risklərin azaldılması tədbirləri geniş təhlil olunub.
Aparılmış qiymətləndirmənin nəticəsinə əsasən, müəyyən edilmiş ciddi fitosanitar tələblərə riayət olunmaqla gilas tinglərinin Özbəkistana ixracının mümkün olduğu müəyyən edilib.
Qeyd edək ki, ixrac yalnız Özbəkistanın müvafiq qurumları tərəfindən dövlət reyestrində qeydiyyata alınmış tingçilik təsərrüfatları tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə sahibkarlar qeydiyyat üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər. Sözügedən ixrac icazəsi ölkənin ixrac potensialının artırılmasına, tingçilik sektorunun inkişafına və kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Oxşar xəbərlər
Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzulidə bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında yerləşən bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında, satış mağazalarında monitorinq keçirib. Nəzarət tədbirləri zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanılması və satış şəraiti, sanitar-gigiyenik qaydalar, dövlət qeydiyyatı, etiketləmə qaydaları, məhsulun keyfiyyəti və yararlılıq müddəti yoxlanılıb. Bərdə, Tərtər və Ağcabədi rayonlarında yerləşən anbar və satış mağazalarında təsiredici maddəsi qadağan edilmiş, hermetikliyi pozulmuş, mənşəyi məlum olmayan və istifadə müddəti bitmiş preparatlar aşkar edilərək saxlanca qoyulub və satışının qarşısı alınıb. Həmçinin qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Bununla yanaşı, sahibkarlara müvafiq tövsiyələr və icrası məcburi göstərişlər verilib.
AQTA qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə işlərini davam etdirir - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Maarifləndirmə tədbirləri ilə bağlı videoçarx hazırlanıb. Agentlik əhalini 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vuran zərərverici ilə mübarizədə fəal və diqqətli olmağa, müvafiq tədbirlər həyata keçirməyə çağırır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığının qışlama dövründə aşkar edilərək məhv edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə mübarizə tədbirlərinin aparılması zərərvericinin sayının azaldılmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına imkan verir. Daha ətraflı:
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş