Fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı daha bir uğurlu nəticə əldə edilib
6 Dekabr 2024 09:45

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə AQTA tərəfindən həyata keçirilən, o cümlədən fındığın Avropa bazarlarına ixracının davamlılığının təmin olunması ilə bağlı görülən işlər müsbət nəticəsini verməkdədir. Belə ki, bu ilin ötən dövründə Avropa İttifaqının (Aİ) “Qida və Yem məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi”ndə ölkəmizdən İttifaqa üzv olan dövlətlərə ixrac edilən fındıqda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb.
Bu nailiyyət respublikamızda qida məhsullarının ixracı zamanı tətbiq olunan nəzarət tədbirlərinin gücləndirilməsinin birbaşa nəticəsidir. Eyni zamanda bu, ölkəmizdə fındıq istehsalı və ixracı sahəsində təhlükəsizlik və keyfiyyətin artırılmasına, beynəlxalq tələblərə uyğunluğun təmin edilməsinə, qida təhlükəsizliyinin daha yüksək səviyyədə qorunmasına dair həyata keçirilən genişmiqyaslı tədbirlərin uğurlu göstəricisidir. Əldə olunan nəticə isə respublikamızda istehsal edilən fındığın Avropa bazarlarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, məhsul yığımı və emalı mərhələlərində fındıqda aflatoksinin yaranması riskinin qarşısının alınması məqsədilə Agentlik tərəfindən "Qabıqlı fındığın tədarük tarixi, qurudulması və saxlanması proseslərinə dair sanitariya norma və qaydaları" adlı tənzimləmə sənədi qəbul olunub. Belə ki, fındığın vaxtında və optimal şəraitdə yığılması, optimal temperaturda və rütubətdə, kif göbələklərinin yayılmasının qarşısını alan şəraitdə qurudulması məhsulun minimum keyfiyyət və təhlükəsizliyinin qorunmasını təmin edir. Bununla yanaşı, respublikamızda ixrac üçün nəzərdə tutulan fındığın laboratoriya analizlərinin sayı artırılıb, istehsalçılarla ixracatçıların maarifləndirilməsi və təlimatlandırılması həyata keçirilib. Bu da öz növbəsində bu sahədə fəaliyyətlərin daha səmərəli təşkilinə və fındıq ixracı imkanlarının genişləndirilməsinə gətirib çıxarır.
Xatırladaq ki, ötən il respublikamızdan Aİ ölkələrinə ixrac olunmuş fındıqda aflatoksin aşkarlanması ilə bağlı müvafiq sistemdə cəmi 2 bildiriş qeydə alınıb. Bu isə 2022-ci illə müqayisədə 6 dəfə azalma deməkdir.
Oxşar xəbərlər

Konserv sexinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

AQTA sədri Naftalanda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.