Ölkəyə idxal edilən toxumluq kartof məhsulunda uyğunsuzluq aşkarlanıb
9 İyul 2024 15:24
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində "Azərbaycan-Alman Dağ Toxumçuluğu" MMC tərəfindən Rusiya Federasiyasından (istehsalçı - “Samara-Solana” QSC) ölkəyə idxal edilmiş ümumi çəkisi 10000 kq toxumluq kartof məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında idxal tələblərinə uyğun olaraq müayinələrə cəlb edilib. Aparılmış müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. sepedonicus (Spieckermann et Kotthoff) Davis et al.) müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan ərzaqlıq kartof məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilib, sirayətlənmiş məhsul partiyasının fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə emala göndərilməsi, ixracatçı ölkəyə geri qaytarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.
Məlumat üçün bildiririk ki, kartof yumrularında halqavari bakterial çürümə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlərin (A 1 qrupu) siyahısına daxil edilib.
Qeyd edilən xəstəlik rast gəlindiyi ölkələrdə təsərrüfatlarda 70%-ə qədər məhsul itkisinə səbəb olur. Tənzimləyici uzunmüddətli məhvetmə tədbirləri və çirklənmiş torpaqlarda sonrakı istehsalın məhdudlaşdırılması nəticəsində mühüm itkilər baş verir.
Oxşar xəbərlər
Yağ idxalçıları ilə görüş keçirilib
Məlum olduğu kimi, qida məhsullarının etiketlənməsi “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Aparılan təhlillər nəticəsində, bəzi yağların ölkəyə idxalı zamanı malların etiketlərində tərkibdə olan yağların ümumi “bitki yağı” ifadəsi altında göstərildiyi, həmçinin İran İslam Respublikasından ölkəyə kərə yağının idxalı zamanı etiketlənmə ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğu müşahidə olunur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyində yağ idxalçıları ilə onlayn görüş keçirilib. Görüşdə sözügedən malların etiketlənməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub. Məhsulun tərkibində istifadə edilən yağ və piylərin növlərinin etiketdə ayrı-ayrılıqda və dəqiq şəkildə göstərilməsinin təmin edilməsi ilə bağlı iştirakçılara zəruri göstərişlər verilib. Bildirilib ki, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibində mövcud olan allergenlər, mənşə ölkəsi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başadüşülən formada olmalıdır. Ölkəmizə idxal olunan qida məhsullarının etiketlərində və məhsula əlavə edilən izahat vərəqələrində məhsulun adı, tərkibi, yararlılıq müddəti və istifadə qaydaları barədə məlumatlar xarici dillərdə təqdim edildiyi halda, Azərbaycan dilinə tərcüməsi təmin edilməlidir. Sonda iştirakçıların sualları cavablandırılıb.
İlbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb. Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib. Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub. Məlumat üçün bildiririk ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.
Azərbaycandan BƏƏ-yə süd, yumurta, bal, balıq və ət məhsullarının ixracı müzakirə olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib. Görüşdə “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu layihəsi müzakirə olunub. Görüş zamanı Azərbaycandan BƏƏ-yə süd, yumurta, bal, balıq və ət məhsullarının ixracı üzrə sertifikatların razılaşdırıldığı və qeyd olunan məhsulların ixracının mümkün olduğu vurğulanıb. Eyni zamanda ixracpotensiallı məhsulların, xüsusilə diri heyvan və ət məhsullarının ixracı məsələləri diqqət mərkəzində saxlanılıb. BƏƏ-nin təsdiq sisteminin ekvivalentliyinin tanınması və diri heyvanların ixracı üzrə baytarlıq sertifikatlarının razılaşdırılması barədə geniş fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş