Polşa, Litva və Braziliyada fəaliyyət göstərən, təsdiqdən keçməyən müəssisələrdən ölkəmizə yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq
6 Noyabr 2023 11:04

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməlidir.
Müvafiq qanunun icrasının təmin olunması məqsədilə bir sıra dövlətlərdən, o cümlədən Polşa, Litva və Braziliyadan ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Lakin adıçəkilən ölkələrdə fəaliyyət göstərən müəssisələrdən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkələrin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il noyabrın 15-dən təsdiq üçün müraciət etməyən, Polşa, Litva və Braziliyada fəaliyyət göstərən müəssisələrdən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 dekabr 2023-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Paytaxtda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirləri həyata keçirilməkdədir. Görülən genişmiqyaslı tədbirlər çərçivəsində dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin daha bir neçə rayonunda dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlər keçirilib.

Ölkəmizə məhsulları ixrac olunan 272 xarici qida obyektində AQTA tərəfindən qiymətləndirmə aparılıb
Belə ki, cari ilin ötən dövrü ərzində 16 ölkənin müraciəti əsasında 272 xarici müəssisədə qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, həmin obyektlərdən 214-ü təsdiq, 20-si isə şərti təsdiq olunaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Uyğunsuzluqlar aşkarlandığı üçün İran İslam Respublikasında fəaliyyət göstərən “Yazd Moein Dam İndustrial Slaughterhouse Complex” və “Edalat Dam”, həmçinin Monqolustan Respublikasına məxsus “Choibalsan Group” və Pakistan Respublikasında fəaliyyət göstərən “Snow King Frozen Foods” müəssisələrinin təsdiqindən imtina olunub. Qiymətləndirmə aparılmış 34 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
