Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması təsdiqlənib
27 Oktyabr 2023 17:04
“Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi Qaydası və forması” təsdiq edilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qaydaya görə, məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı verilir. İdxalçı ölkələr tələb etdiyi hallarda Agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq sertifikatı həmin məhsulların qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edə bilər. Sertifıkatlaşdırılma prosedurları AQTA-nın Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq, ərizə ilə Agentliyə ixracatçı tərəfindən müraciət edilməlidir.
İxrac edilən məhsullara sertifikat verilərkən təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin müəyyən olunması məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və miqdarda ixrac edilən məhsul partiyasından nümunələr götürülərək, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda onların tədqiqi (sınağı) aparılır. Nümunələrin götürülməsi üçün qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş metodlardan istifadə edilir. Bu Qaydanın 2.8-ci bəndində göstərilən metodların tətbiqi mümkün olmadıqda və ya belə texniki normativ hüquqi aktlar mövcud olmadıqda, Azərbaycan Respublikasının digər sahələrə aid texniki normativ hüquqi aktlarında nəzərdə tutulmuş məhsul nümunələrinin götürülməsi metodları tətbiq edilir. Əgər bu metodların da tətbiqi mümkün olmazsa və ya belə texniki normativ hüquqi aktlar mövcud olmazsa, Azərbaycan Respublikasının üzv olduğu müvafiq beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş metodlardan istifadə olunur. Sənədə görə, nümunələrin laboratoriya tərəfindən tədqiqi (sınağı) ilə bağlı xərclər ərizəçinin vəsaiti hesabına ödənilir. Nümunələrin tədqiqi (sınağı) Agentliyin tabeliyində olan akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparıldığı halda, nümunənin tədqiqi (sınağı) yalnız ərizəçi tərəfindən məhsulun ekspertizası üçün müvafiq xidmət haqqı ödənildikdən sonra təmin edilir.
Nümunənin tətqiqi ilə bağlı müvafiq xidmət haqqı ödənildikdən sonra məhsulların laboratoriyalar tərəfindən 7 iş günü ərzində tədqiqi (sınağı) aparılaraq nəticəsi AQTA-ya təqdim olunur. Laboratoriyaların əsaslandırılmış müraciəti ilə həmin müddət 20 iş günündən çox olmayan müddətə uzadıla bilər və qeyd edilən müddət sertifikatın verilməsi ilə bağlı 2.15-ci bənddə göstərilən müddətə daxil edilmir. İdxalçı ölkələr tələb etdiyi halda laboratoriya tərəfindən aparılmış tədqiqin (sınağın) nəticəsinə dair protokol sertifikata əlavə olunur. Protokolun sertifikata əlavə edilməsi üçün ödəniş tələb olunmur. Sertifikatın verilməsi və bunun üçün dövlət rüsumunun ödənilməsi, sertifikatın dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, ləğv edilməsi qaydaları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və sertifikat həmin Qanunla müəyyən olunmuş qaydada 7 iş günündən gec olmayaraq verilir.
Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;
- məhsullar qida təhlükəsizliyi və (və ya) minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda;
- məhsullar heyvan sağlamlığı göstəricilərinə uyğun olmadıqda.
Sertifikatın verilməsindən imtina edildikdə və ya ərizə baxılmamış saxlanıldıqda, AQTA ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina və ya ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Giriş