Türkiyədən idxal olunan bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
14 Oktyabr 2024 11:40
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Buğur” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Evren İlaç Kozmetik San. ve Tic. LTD” şirkətinə məxsus “Leopard, kapsul №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq - “Tadalafil və Sildenafil” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.
Oxşar xəbərlər
Toni Holohan: AQTİ laboratoriyaları müasir tələblərə cavab verir
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) laboratoriyalarında istifadə olunan avadanlıqlar müasir tələblərə cavab verir”. Bu barədə COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib. “AQTİ laboratoriyaları müasir tələblərə cavab verir. İstər heyvan əti üzərində, istərsə də tərəvəzlər üzərində aparılan testlər standartlara uyğundur. Əslində bu mövzu COP gündəmini əhatə edir. Çünki toplaşdığımız bu tədbir həm də bütün canlıların, o cümlədən insan sağlamlığının qorunmasını özündə ehtiva edir”, - deyə Toni Holohan əlavə edib. İrlandiyalı mütəxəssis tədbir barəsində fikirlərini də bölüşüb: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edirəm. Ümid edirəm burada müzakirə etdiyimiz məsələlər gələcəkdə planetimizi daha da təhlükəsiz edəcək”.
Çadia Vannu: “AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir”
“AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir” Bu fikirləri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına baxış keçirərkən deyib. O, Azərbaycanda bu sahədə həyata keçirilən iş mexanizmləri və yeniliyin qlobal səviyyədə öyrədilməsi və tətbiqinin olduqca vacib olduğunu bildirib. “İki gün ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bizə öz iş mexanizmlərini geniş izah edib göstərdilər. Həqiqətən mükəmməl sistemlə öz işlərini görürlər və biz də bir çox yeni təcrübələr öyrəndik, öz təcrübələrimizi bölüşdük“ Çadia Vannu əlavə edib ki, AQTİ-də olan laboratoriyalar müasir standartlara tam uyğundur, cihaz və avadanlıqlar yüksək səviyyədədir. “Hiss olunur ki, laborator analizlər peşəkar əməkşdalar tərəfindən icra olunur. Burada hər növ qida-ət, toyuq məhsulu, tərəvəzləri müasir üsullarla test etmək mümkündür”.
COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.