Türkmənistandan pomidor məhsulu idxalına məhdudiyyət qoyulub
6 May 2025 14:44

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
Qeyd edək ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən pomidor, badımcan, bibər, tütün kimi bitkilərdə rast gəlinir. Sirayətlənmə dərəcəsindən asılı olaraq pomidor təsərrüfatlarında 30-70% məhsul itkisinə səbəb olur. Sözügedən virus məhsulun əmtəəlik keyfiyyətini və rəf ömrünü aşağı salır. Bu bitki virusu beynəlxalq ticarətdə və ərazi daxilində əkin-səpin materialı, bitkinin müxtəlif hissələri, o cümlədən meyvələri ilə yayılır. Mexaniki yolla yayılma xüsusiyyətinin olması virusun daha geniş əraziləri sirayətləndirməsində önəmli rol oynayır.
Oxşar xəbərlər

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Uşaqların düzgün və sağlam qidalanması hər birimizin məsuliyyətidir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Bu gün uşaq hüquqlarının qorunması və onların rifahının təmin edilməsi məqsədilə dünyada geniş şəkildə qeyd olunur. Azərbaycanda uşaqların sağlam və firavan böyüməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı üçün müxtəlif dövlət proqramları və sosial layihələr həyata keçirilir. Qida Təhlükəsizliyi Agentliyi olaraq uşaqların sağlam inkişafı üçün yaşlarına uyğun, düzgün və rasional qidalanmasını tövsiyə edirik. Sağlam qida rasionunun təşkili ilə yanaşı, düzgün qidalanma vərdişlərinin aşılanması da uşaqların fiziki və zehni inkişafında mühüm rol oynayır. Qidalanma zamanı uşaqların diqqətini qidaya yönləndirmək vacibdir. Yemək vaxtı uşağın qaçmağı və ya oynamağı boğulma ehtimalı yaradır və tövsiyə olunmur. Uşağı qidalanmaya məcbur etmək yerinə onda maraq yaratmaq daha məqbul hesab olunur. Ən əsası uşağına nümunə olmaq üçün valideyn özü də düzgün və sağlam qidalanmalıdır. Agentlik tərəfindən bu istiqamətdə müxtəlif maarifləndirmə təşəbbüsləri həyata keçirilir. Məktəblilər arasında “Təhlükəsiz qida uşaqların gözü ilə”, “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqələri, həmçinin “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” kimi layihələr uşaqlara düzgün qidalanma vərdişləri aşılamağa dəstək göstərir. Uşaqlar bizim gələcəyimizdir və onların sağlam böyüməsi, təhlükəsiz mühitdə yaşaması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

Mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günüdür
Tütün istifadəsi insan sağlamlığı üçün ən ciddi risk faktorlarından biridir. Hər il milyonlarla insan tütünlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il mayın 31-i Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu gün tütünün fəsadlarına diqqət çəkmək və insanları sağlam seçimlərə təşviq etmək üçün mühüm çağırışdır. Bu çərçivədə Agentlik yeniyetmə və gənclər arasında populyarlaşan elektron siqaretlərin (veyp) zərərləri barədə maarifləndirmə fəaliyyətlərini genişləndirib. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən tütündən əldə edilən nikotin və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalarla təsdiqlənib. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlərdə ənənəvi siqaretlərə alternativ kimi təqdim olunan veyplərin sağlamlıq üçün yaratdığı təhdidlər izah olunub. Eyni zamanda “Bakı Metropoliteni” stansiyalarında elektron siqaretlərin (veyplərin) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Həmçinin veyplərin zərərləri barədə sosial şəbəkə hesablarında mütəmadi olaraq maarifləndirici videolar paylaşılır.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.