Ukraynanın istehsalçı şirkətlərinə qoyulan məhdudiyyət aradan qaldırılıb
6 May 2025 15:11
Ukraynanın istehsalçı şirkətləri "Zagotservice" MMC”, "Myasodar" MMC, "Shidzahid" MMC (“East West” MMC), "Verbivske" MMC-yə məxsus dondurulmuş mal əti və "Lutsk Agricultural Company" MMC-yə məxus dondurulmuş toyuq əti məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisələrdə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.
Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq sözügedən istehsalçıların respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən “Hər Gün” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
Şamaxı heyvan bazarında rekonstruksiya işləri davam edir - VİDEO
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib. Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib. Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb - VİDEO
Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Giriş