AQTA “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni qoşulan könüllülər ilə videokonfrans keçirib
1 İyul 2020 17:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Könüllü Qida Nəzarətçisi“ proqramına yeni cəlb edilən könüllülər ilə videokonfrans keçirilib.
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseynin də iştirak etdiyi videokonfransda müasir dövrün innovativ məşğulluq məsələləri, gələcəyin ixtisasları və peşə seçimində mövcud olan əsas məqamlar müzakirə olunub. AQTA-nın Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri könüllülərə AQTA-nın fəaliyyət istiqamətləri və “Könüllü qida nəzarətçisi” proqramı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində nəzarətçi qismində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb olunmalarını təmin etməkdir.
Onlayn konfransda pandemiya şəraitində yaranan mövcud vəziyyət, COVID-19-un profilaktikası istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlər barədə könüllülərə məlumat verilib. Qeyd olunub ki, Agentlik tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla ictimai iaşə obyektləri və ərzaq məhsullarının ticarəti ilə məşğul olan topdan və pərakəndə satış obyektlərində koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlər hazırlanaraq sahibkarlara təqdim edilib və sözügedən metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə mütəmadi reydlər həyata keçirilir. Bu sahədə sahibkarların və istehlakçıların maarifləndirilməsi işlərinə AQTA-nın könüllü qida nəzarətçiləri də cəlb edilib. Agentlik əməkdaşları videokonfransda könüllüləri maraqlandıran suallara da aydınlıq gətiriblər.
Qeyd edək ki, “Könüllü Qida Nəzarətçisi“ proqramı çərşivəsində könüllülərlə videokonfranslar mütəmadi olaraq davam etdiriləcəkdir.
Oxşar xəbərlər
Lənkəranda fəaliyyət göstərən “Hər Gün” marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Şiləvar kəndində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Abbasqulu Nuri oğluna məxsus “Hər Gün” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86.84 kq qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
Şamaxı heyvan bazarında rekonstruksiya işləri davam edir - VİDEO
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib. Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib. Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb - VİDEO
Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Giriş