AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb
22 Oktyabr 2020 18:02
"Könüllü Qida Nəzarətçisi" proqramının iştirakçıları koronavirusla bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
22 oktyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) könüllüləri Bakı şəhəri Nizami rayonunda yerləşən ərzaq satışı müəssisələrində maarifləndirmə tədbirləri aparıblar. "Könüllü Qida Nəzarətçisi" proqramının iştirakçıları AQTA tərəfindən hazırlanan maarifləndirici məlumatları istehlakçılara paylayıblar. Həmçinin könüllü qida nəzarətçiləri ərzaq mağazaları müəssisələrində vətəndaşlarla koronavirusdan qorunmağın yolları, kassaların qarşısında növbə zamanı 2 metrlik məsafənin saxlanılması, tibbi maskadan istifadənin önəmi ilə bağlı tövsiyələri istehlakçıların nəzərinə çatdırıblar.
Könüllü qida nəzarətçiləri karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı istehlakçıları tanış edib, eyni zamanda könüllü qida nəzarətçiləri tibbi maskasız ərzaq mağazaları və ictimai iaşə müəssisələrinə daxil olan şəxslərə maska və əlcəklər təqdim edib, fərdi mühafizə vasitələrinin virusdan qorunmaqda əhəmiyyətini onların diqqətinə çatdırıblar.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə AQTA tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq ictimai iaşə müəssisələri, həmçinin ərzaq satışı məntəqələrində maarifləndirmə xarakterli reydlər həyata keçirilir, sahibkarlıq subyektləri, işçi heyət və istehlakçılar xəstəliyin profilaktikası, virusdan qorunmaq yolları barədə ətraflı məlumatlandırılır.
Oxşar xəbərlər
Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlandı
Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib. Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş olunub. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və bu faciənin qurbanlarından danışılıb. Eyni zamanda ölkəmizdə 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyi bildirilib. Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə 20 Yanvar gününün Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.
Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra Hakimiyyəti və polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçirilib. Qeyd olunan ünvanda fiziki şəxs Cümşüdov Rövşən Vəli oğluna məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib. Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməyən mənşəyi məlum olmayan 100 kq istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.