“Könüllü Qida Nəzarətçisi” proqramı iştirakçılarına sertifikatlar təqdim olunub
3 İyul 2021 15:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Könüllü Qida Nəzarətçisi” proqramı çərçivəsində fəaliyyətlərini başa vuran bir qrup könüllüyə sertifikatlar təqdim olunub.
Könüllülər 3 ay müddətində AQTA və AQTİ-nin aidiyyəti bölmələrində fəaliyyət göstərib. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar - asudə vaxtlarında iştirak edib, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə ediblər.
Qeyd edək ki, hazırki vaxta qədər 351 gənc “Könüllü Qida Nəzarətçisi” proqramına qoşulub. Onlardan 12 nəfəri AQTA və AQTİ-nin müvafiq struktur bölmələrində işlə təmin olunublar.
“Könüllü Qida Nəzarətçisi” proqramının icrasında məqsəd könüllülərin qida təhlükəsizliyinin təmin olunması prosesində aktiv iştirakını təmin etmək, onların bu sahə ilə bağlı biliklərini artırmaq və ən əsası qida təhlükəsizliyinin təmin olunması prosesinə könüllü qismində cəlb etməkdir.
Oxşar xəbərlər
Unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində antisanitar vəziyyət aşkarlandı
Lənkəran şəhəri, Nizami küçəsi, ev 41 ünvanında yerləşən “Cənub-m” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentliyin əməkdaşları yoxlama keçirib. Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı, məhsulların istehsalı zamanı etiketlənməyə dair tələblərin pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib. Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş olunub. Tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından və bu faciənin qurbanlarından danışılıb. Eyni zamanda ölkəmizdə 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyi bildirilib. Qeyd edək ki, Agentliyin regional bölmələri tərəfindən də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlər keçirilib. Tədbirlərdə 20 Yanvar gününün Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq səhifəsi olduğu qeyd edilib.
Yasamalda qanunsuz heyvan kəsiminin qarşısı alınıb
Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra Hakimiyyəti və polis orqanlarının əməkdaşları ilə birlikdə dərhal həmin ünvanda reyd keçirilib. Qeyd olunan ünvanda fiziki şəxs Cümşüdov Rövşən Vəli oğluna məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib. Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb. O cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməyən mənşəyi məlum olmayan 100 kq istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb. Müayinələrinin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.