AQTA-da beynəlxalq mütəxəssislərlə heyvan xəstəliklərindən azad zonaların yaradılması məsələsi müzakirə olunub
1 Oktyabr 2025 17:08
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşəbbüsü ilə ölkəmizdə heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, heyvan xəstəliklərindən azad zonalarda əsas diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək. “Peyvəndləmə ilə azad” statusunun əldə olunması üçün praktiki işlərə başlanılacaq. Artıq dabaq xəstəliyinə dair “Rəsmi Nəzarət Planı” layihəsi hazırlanaraq, EuFMD-ə təqdim edilib.
Müvafiq dövlət qurumları, sahibkarlar və baytar mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələrdə Azərbaycanda və regionda dabaq xəstəliyinin mövcud vəziyyəti, uzunmüddətli peyvənd strategiyaları və qabaqlayıcı tədbirlər diqqətdə saxlanılıb.
Xatırladaq ki, AQTA tərəfindən ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanıb.
Giriş