121 nömrəli məktəbdə baş verən qida zəhərlənməsi ilə bağlı laborator nəticələr açıqlanıb
5 May 2026 16:43
Aprelin 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ləzzət” unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.
Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş