Antisanitar şəraitdə fəaliyyət göstərən unlu qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
25 Yanvar 2020 17:18








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyadov ev 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhəmməd Bağer Bağeriyə məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl etmədən fəaliyyət göstərdiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Binəqədidə saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
