AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib
24 Aprel 2024 11:51
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq və heyvan satışı bazarlarında nəzarət tədbirlərini genişləndirib. Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Belə ki, yalnız 2023-cü il ərzində ölkə ərazisində fəaliyyət göstərən bazarların daxilində yerləşən ət satışı obyektlərini qiymətləndirmək üçün Agentlik tərəfindən monitorinq həyata keçirilən 63 bazarda 400 nöqsan aşkar olunub. Həmçinin 68 bazarda aparılan yoxlamalar zamanı uyğunsuzluqlar müəyyən edilib. Bununla əlaqədar olaraq, müvafiq tədbirlər görülüb.
Cari ilin ötən dövründə isə ümumilikdə 17 bazarda yoxlama aparılıb. Yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar bazarlardan 4-ündə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 8-ində iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması, 6-sında məhsul satışının dayandırılması, 1-ində məhsul satışının qadağan olunması, 1-ində isə məhsul istehsalının (quş kəsimi) dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul edilib. Eyni zamanda 17 sahibkarlıq subyekti barəsində AQTA tərəfindən inzibati məsuliyyət tədbirləri görülüb və bazar rəhbərlərinə aşkarlanmış nöqsanların müəyyən edilən müddət ərzində aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Yoxlamalar çərçivəsində 1 bazarda saxta spirtli içkilər aşkar olunaraq, toplanmış materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Monitorinq və yoxlamaların aparılması ilə yanaşı, ötən müddətdə Agentlikdə bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblər onların diqqətinə çatdırılıb. Eləcə də bazar rəhbərlərinə mövcud tələblər barədə məktubla məlumat verilib, habelə fəaliyyətlərinin həmin tələblərə uyğunlaşdırılması üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi və nəticəsi barədə AQTA-ya məlumat verilməsi istənilib. Buna baxmayaraq, bəzi bazarlarda qida təhlükəsizliyi tələblərinə hələ də əməl olunmur.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, qida obyekti (subyekti) qeydiyyata alınmalı və Qida Təhlükəsizliyi Reyestrinə daxil edilməli, bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş məhsullar satılmamalıdır. İstifadəyə yararsız və təhlükəli qida məhsullarının zərərsizləşdirilərək məhv edilməsi üçün bazarlarda util peçi təşkil edilməlidir. Həmçinin qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməli və digər tələblər yerinə yetirilməlidir.
Agentlik bəyan edir ki, qida təhlükəsizliyi tələblərinə riayət etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş