AQTA COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqləri davam etdirir
3 May 2024 16:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 2 may tarixində 32 ticarət və 23 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 26 ticarət və 23 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
HACCP təlimlərinin iştirakçıları müasir yanaşmaları tətbiq etmə imkanları qazanacaq
HACCP – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri prinsipləri qida məhsullarının istehsalında risk əsaslı yanaşmanı ehtiva edir. Bu yanaşmaya əsasən müəssisə təhlükə növlərinə uyğun risk qiymətləndirməsi və nəzarət tədbirlərini özündə əks etdirir. HACCP, qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyənləşdirir. Gigiyena şərtləri dedikdə şəxsi gigiyena, avadanlıq gigiyenası, xammal gigiyenası, ətraf mühitin gigiyenası və s. nəzərdə tutulur. Proses çərçivəsində istehlakçının sağlamlığına təhlükə yarada biləcək səbəblər müəyyən olunur. Sistem istehsal və xidmət mərhələlərində riskləri aradan qaldırır və etibarlılıq yaradır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir. Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib. Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər. Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Bu müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 ildir. Qeyd edək ki, Qanun 30 iyun 2022-ci il tarixdə dərc olunub.
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 20-si saat 10:00-da Qəbələ Rayon Heydər Əliyev Mərkəzində Şəki şəhəri və Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 19-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.