AQTA-da 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
13 İyun 2022 11:58
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 15 İyun − Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının fəallarının iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra AQTA sədri Qoşqar Təhməzli Azərbaycan xalqı üçün əlamətdar olan tarixi gün haqqında məlumat verib. Qeyd edilib ki, məhz həmin tarixdə ümumilli lider böyük fədakarlıq göstərərək, müstəqil və vahid Azərbaycan uğrunda çox çətin və məsuliyyətli, eyni zamanda tarixi missiyanı öhdəsinə götürüb, dahi rəhbər ölkəmizi düçar olduğu ağır böhrandan, məşəqqətli günlərdən xilas edərək, milli suverenliyə gedən böyük yolun siyasi konturlarını müəyyənləşdirib.
Bu gün Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyini deyən Agentlik sədri bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi var olmasında böyük dönüş yaradan bu şanlı tarix hər birimizin qarşısında böyük vəzifələr, öhdəliklər və hədəflər müəyyənləşdirib. Belə ki, bu gün dünyanın iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən ölkəmizin qazandığı davamlı nailiyyətləri şərtləndirən çoxsaylı faktorlar var ki, onlardan biri də strateji əhəmiyyət daşıyan qida təhlükəsizliyidir. Bu strateji xəttin inkişafında, o cümlədən Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi və gücləndirilməsində Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları, eləcə də tapşırıqlarından irəli gələn fəaliyyətlər böyük əzim və iradə ilə davam etdiriləcəkdir.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov də çıxış edərək, bildirib ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır və hər keçən gün bu ideyalar ətrafında YAP sıralarına böyük həvəslə qoşulan gənclərin sayı artır.
Çıxışlardan sonra II Qarabağ müharibəsində iştirak etmiş AQTA əməkdaşları və onların yaxınlarına təşəkkürnamələr, eyni zamanda YAP Nizami rayon təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.
Oxşar xəbərlər

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.