AQTA-da dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
20 Oktyabr 2022 17:02




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüşdə Agentliyin sədr müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişikliklərdən söz açan sədr müavini həmçinin heyvan mənşəli məhsulların və heyvan dərisinin idxalı, yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərə toxunub. Bildirib ki, Qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Tədbirdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
